Bazar, 05 May

"Azərbaycan idmançıları bu olimpiya oyunlarında geyindiyimiz uniforma ilə seçilir" - Fərid Mansurov

image

Azərbaycan milli komandasının Tokioda olan şef-de-missionu, Gənclər və İdman Nazirliyinin idman müdiri Fərid Mansurov, Olimpiya Oyunlarında Azərbaycan komandasının əhval-ruhiyyəsi, hazırlığı və idman növləri üzrə yeniliklər barədə danışıb. Oyunların açılışından əvvəl o, müsahibəsində həmçinin pandemiya şəraitindəki qaydalara necə əməl olunduğu izah edib.

J: Oradakı əhval-ruhiyyəni bir az təsvir edərdiniz, orada indi nə baş verir?

Fərid Mansurov: Bildiyiniz kimi Tokio Olimpiya Oyunlarında əhval-ruhiyyə digər olimpiya oyunlarından fərqli olsa da, yaxşıdır. İdmançılarımızın əhval-ruhiyyəsi, sağlamlığı qaydasındadır. Yarışları gözləyirik, yarış vaxtlarını gözləyirik. Bəzi idmançılar çəkisalma prosesindədir. Təbii ki, ilk növbədə Tokio vaxtı ilə saat 8-də açılış mərasimi olacaq (müsahibə açılış mərasimindən əvvəl alınıb - red). Ora hazırlaşırıq. Ondan sonra isə inşallah yarışlarımıza start veriləcək. Ayın 24-də bir neçə idmançılarımız çıxış edəcək. Bildirmək istəyirəm ki, atıcılıq - güllə atıcılığı - sonra isə cüdo, ola bilsin ki, boks idman növündə bəzi çəkilərin püşkü atılacaq. Eyni zamanda üzgüçülükdən və bir neçə idman növlərindən bizim idmançıların çıxışları gözlənilir. Ümumi olimpiya kəndində, bildirmək istəyirəm ki, hər gün tək biz yox, bütün ölkələrin idmançıları, nümayəndələri, ümumiyyətlə Olimpiya kəndində qalan hər bir kəs test verir, gündəlik testlər götürülür və gündəlik testlər nəticəsində idmançılar, nümayəndələr yoxlanılır. Düzdür, siz də bilirsiniz ki, bəzi ölkələrin [ idmaçılarında] - adları açıqlanmır - artıq pozitiv testləri çıxıb. Çalışırıq ki, idmançılarımız, məşqçilərimiz və Azərbaycan nümayəndə heyəti bu hallardan, kontaktlardan uzaq olsunlar. İdmançıların sıx olduğu yerlərdən uzaq dururlar. Hətta bildirmək istəyirəm ki, yeməkxanadan belə çalışırıq ki, seyrəklik olan vaxt istifadə edək.

J: Azərbaycan yarışlara cəmi 44 idmançı ilə qatılıb, elə deyilmi?

Fərid Mansurov: Bəli, Azərbaycan olimpiya komandası 44 idmançı ilə qatılıb. 13 idman növündən idmançılarımız iştirak edəcək. Bunların hansı federasiyalar olduğunu yəqin ki, bilirsiniz. Əgər sadalamağa ehtiyac varsa sadalaya bilərəm federasiyaların adlarını. Güllə atıcılığı federasiyasıdır, Cüdo federasiyasıdır, Boks federasiyası, Qılıncoynatma federasiyası, Üzgüçülük federasiyası, Güləş, Taekvando, Karate, Velosiped, ümumilikdə Azərbaycanda fəaliyyət göstərən 13 federasiyadan, 13 idman növündən və ondan da artıq idmançılarımız çıxış edəcək. Mən deyərdim ki, 13 idman növündən 17 idman dissiplinasında idmançılarımız mübarizə aparacaq.

J: Əvvəlki illərlə müqayisədə, məsələn, keçən olimpiada ilə müqayisədə Azərbaycan idmançılarının sayı artıbmı, ya azalıbmı və yarışda idman növləri üzrə yeniliklər varmı?

Fərid MansurovRio Olimpiadasından fərqli olaraq, bildirmək istəyirəm ki, Tokio Olimpiya Oyunlarında lisenziyalarımızın sayı aşağıdır. Siz də bilirsiniz ki, təbii ki buna pandemiya şəraitində idmançılarımızın məşq etməsi, eyni zamanda bir çox tədbirlərin, idman yarışlarının təxirə salınması, əsas da 2020-ci ildə yarışların təxirə salınması buna səbəb olubdur. Rio Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 56 lisenziya qazanmışdı, burada 44 lisenziya. Fərqi ondadır ki, pandemiya şərtləri var, sərt qaydalar var. İdmançıların hamısı maskalarda gəzir, hamı bayaq söylədiyim kimi test verir. Bu, bir balaca gərginliyi deyərdim ki, artırır. Ondan başqa, digər olimpiya oyunlarında olimpiya kəndində qarşılanma, bayraqqaldırma mərasimləri keçirilirdi və bu kimi tədbirlər Tokio Yay Olimpiya Oyunlarında olmadı. Bu da təbii ki, pandemiyadan irəli gələn məsələ idi. Amma bunlar, təşkilat komitəsi tərəfindən qoyulan şərtlər, qaydalardır. Digər ölkələr kimi biz də bu şərtlərə əməl edirik. Təbii ki bizi əsas, ən əsası idmançıların sağlamlığı, sonra isə nəticələr maraqlandırır.

J: Bəs idman növləri üzrə yenilik varmı?

Fərid Mansurov: Ötən olimpiadadan fərqli olaraq bildirmək istəyirəm ki, bu dəfə bizdə velosiped idmanı əlavə olunmuşdur. Bədii gimnastika, idman gimnastikasında da komandamız çıxış edəcək. Keçən olimpiadada tam heyətlə çıxış etməmişdilər, ancaq indi tam heyətlədirlər. Fərqliliklər çoxdur. Rio Yay Olimpiya Oyunlarında güləşçilərimiz böyük heyətlə çıxış etmişdilər, ancaq indi hər üç dissiplinada, bilirsiniz ki, lisenziya sayımız bir az aşağı oldu. Bir neçə fərqliliklər var, bəli.

J: Təəssüf hissi keçirirsinizmi buna görə, daha az adam getdiyinə görə?

Fərid Mansurov: Əlbəttə, təəssüf hissi deyərkən, bu, idmandır. İstər-istəməz bunun enişi də var, yoxuşu da var və yüksəlişi də var. Ancaq bilirsiniz ki, 2020-ci ildə pandemiya idmançılarımızın hazırlığına çox təsir etdi. Bilirsiniz ki, olimpiya oyunlarında elə idman növləri var ki, bir il, iki il, hətta üç il öncədən təsnifat turnirləri keçirilir, yarışlar keçirilir. Bu yarışlarda idmançılarımız pandemiyanın ən qızğın vaxtına düşdülər. Ona görə bir çox tədbirlər təxirə salındı. Bir çox tədbirlərə idmançılarımız qatıla bilmədilər. Bu da təbii ki, başa düşüləndir. Söyləmək istəyirəm ki, əsas idmançılarımızın sağlamlığıdır, birinci növbədə idmançılarımızın sağlamlığıdır. Bütün qazanılan medalların, bütün qazanılan uğurların, əgər şəxsin sağlamlığı yoxdursa, məncə heç biri lazım deyil.

J: Siz özünüz də olimpiya çempionu olmusunuz və yəqin ki, bu sahədə müqayisə imkanlarınız genişdir. Azərbaycan idmançıları bu ilki olimpiya oyunlarında nə ilə seçilir, başqa ölkələrin idmançılarından və əvvəlki illərlə müqayisədə siz hansısa yenilik, dəyişiklik hiss edirsinizmi. Niyə seçilir, sizcə, seçilirmi ümumiyyətlə?

Fərid Mansurov: Bir şeyi xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycan idmançıları bu olimpiya oyunlarında geyindiyimiz uniforma ilə seçilir. Geyindiyimiz uniformanın dizaynı həqiqətən də bir çox ölkələri cəlb edib və hətta yaxınlaşıb idman formalarını dəyişmək istəyənlər var. Təbii ki, biz bunu... bir də nəticələrimizi də yəqin ki, müqayisə edəcəyik. Bunu da indidən söyləmək bir az çətindir. Özünüz də bilirsiniz ki, həqiqətən də pandemiyanın sərtləşməsi, idman zallarının bağlı olması idmançıların hazırlığına böyük təsir göstərib. Buna baxmayaraq idmançılarımız yenə də böyük ruh yüksəkliyi ilə bu yarışlara qatılıblar. Eyni zamanda bildirmək istəyirəm ki, idmançılarımız artıq keçən ildən bu oyunları gözləyirlər, hətta biz ehtiyat edirdik ki, bu olimpiya oyunları təxirə salınsa bizim bəzi idmançılarımız var hansı ki, karyeralarını başa vurmaq ərəfəsindədirlər. Yəni bir idmançının olimpiyaya düşməsi və olimpiadada iştirak edə bilməməsi idmançıda böyük ruh düşkünlüyünə gətirib çıxara bilər. Misal üçün, mən karate idman növünü söyləmək istəyirəm. Bilirsiniz ki, karate idman növü əvvəlki olimpiya oyunlarına salınmamışdı. Ancaq bu olimpiya oyunlarına karate də idman növü olaraq salınıb. Karatedə bizim üç idmançımız iştirak edəcək. Ancaq növbəti olimpiya oyunlarında karate yenə də olimpiya proqramından çıxarılıb. Yəni bu, o idmançılardan ötrü bir şansdır. Rafael Ağayev, misal üçün, beş dəfə dünya çempionu, çoxlu sayda Avropa qızılına sahib olan bizim brilyantımız [üçün] bu bir şansdır ki, olimpiya oyunlarında qalib olsun və tarixə olimpiya çempionu kimi də düşsün. Belə hallar var.

J: Azərbaycan üçün sizcə ən güclü rəqib ölkələr hansılardır?

Fərid Mansurov: Azərbaycan üçün ən güclü rəqib ölkələr, siz bilirsiniz ki, konkret bir ölkəni söyləmək çətindir. Fərqli idman növləri var, fərqli dissiplinalar var və hər idman növünün, belə deyərdim də, o idman növündə hegemonluq edən ölkələr var. Bir misal çəksəm məncə yetərli olar. Ümumilikdə götürsək, əsas rəqiblər Rusiyadır, ABŞ-dır, eyni zamanda bəzi idman növlərində Yaponiyanın özüdür və əsas, belə deyərdim, təkbətək idman növlərində əsas rəqiblər Avropa və Amerika qitəsidir.

J: Pandemiya dövründə idman zalları bağlı idi, idmançılar necə məşq edib?

Fərid Mansurov: Olimpiadaya hazırlaşan milli komandamız üçün Gənclər və İdman Nazirliyinin nəzdində olan komplekslərdə pandemiyanın qızğın vaxtlarında qapalı şəraitdə, pandemiya qaydalarına əməl etməklə məşqlərə icazə verilmişdi. Bu, ancaq olimpiadaya hazırlaşan komanda üçün idi, idmançılar üçün idi. Ancaq siz bilirsiniz ki, spayk məsələləri var. Əlavə ikinci, üçüncü heyət qatıla bilməzdi. Ona görə də düzdür, idmançılarımız qapalı şəraitdə də məşq edirdi, ancaq pandemiya spayk məsələlərində bir balaca maneə törədirdi.

J: Azərbaycanlı idmançıların arasında Covid-19-a yoluxan varmı?

Fərid Mansurov: Şükürlər olsun ki, bu günə qədər Azərbaycan milli olimpiya komandasında heç bir problem yoxdur və inanırıq ki, olmayacaq da.(BBC.com)

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15